BAKI, 22 iyul. TELEQRAF
Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km) – Sabirabad avtomobil yolu əsaslı təmir olunacaq.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, altmış bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri məqsədilə Prezidentin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.