BAKI, 10 iyul. TELEQRAF
Zaman var ki, diplomatiyanın masasında verilən qərarlar illərin deyil, əsrlərin taleyini dəyişir. Elə bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş belə anlardan biridir. Bəli, masanın bir tərəfində Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etmiş, siyasi iradəsi ilə regionun oyun qaydalarını yenidən müəyyənləşdirən Azərbaycan dayanır. Digər tərəfində isə bu reallıqları qəbul etmək, yeni mərhələyə keçid üçün yol axtaran Ermənistan var.
Siyasi səhnədə illərdir axtarılan, lakin tapılmayan sülhün konturları bu gün Azərbaycanın qətiyyətli mövqeyi ilə daha da aydın görünməyə başlayır.
Əvvəlcə onu deyək ki, bu görüş sadəcə diplomatik rituallarla müşayiət olunan bir görüş deyil. Bu, Azərbaycanın tarixi üstünlüyü, regional liderlik rolu və geosiyasi müdrikliyi ilə qurduğu yeni mərhələnin real başlanğıcıdır.
2020-ci ildə zəfərlə bərpa olunan ədalət, Azərbaycanın hərbi-siyasi gücünü nümayiş etdirdisə, bu gün keçirilən görüş həmin zəfərin sülh platformasında davamı kimi çıxış edir. Bu, güclünün diqtəsi yox, ədalətli olanın təklifi, qalibin təmkinlə ortaya qoyduğu vizyonudur.
Dövlətimiz bu gün sübut edir ki, regionda yalnız müharibədə deyil, sülh prosesində də aparıcı qüvvədir. Bu mövqe müharibənin yox, müdrik siyasi iradənin məhsuludur.
Azərbaycanın Əbu-Dabini görüş məkanı kimi təklif etməsi sıradan bir texniki seçim deyil. Bu, düşünülmüş və məqsədyönlü diplomatik gedişdir.
BƏƏ Azərbaycanın dost ölkəsi, regionda sabitlik və tərəfsizlik mövqeyi ilə seçilən güclü aktordur. Bu ölkə nə vasitəçidir, nə də tərəf, sadəcə, sülhə xidmət edən neytral məkandır.

Azərbaycan bu seçimlə həm də bir mesaj verir: “Biz sülh istəyirik, amma şərtləri xaricdə yazılan deyil, regionun daxilində müəyyən olunan bir sülh”. Əbu-Dabi həm də ona görə seçilib ki, orada geosiyasi maraqlar toqquşmur, səmimi danışıqlar mümkündür.
Görüşün ən önəmli tərəfi budur ki, danışıqlar ikitərəfli formatda baş tutub. Burada heç bir vasitəçi yoxdur - nə Avropa İttifaqı, nə ABŞ, nə də Rusiya var. Bu fakt özü-özlüyündə kifayət qədər güclü siyasi mesaj daşıyır. Bu da, o deməkdir ki, Azərbaycan bu prosesi nəzarətində saxlayır və hər hansı üçüncü tərəfin müdaxiləsinə ehtiyac duymur.
Prezident İlham Əliyev prosesin ilkin mərhələsindən etibarən bəyan edib: “Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək…"
Bu prinsip bu gün Əbu-Dabidə tam şəkildə tətbiq olunur.
Görüşün əsas müzakirə mövzularından biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu məsələ artıq sadəcə nəqliyyat layihəsi deyil, Türk dünyasının fiziki bağlantısı, regional iqtisadi inteqrasiya, Böyük İpək Yolunun bərpası, hətta enerji təhlükəsizliyi kontekstində də mühüm faktordur.
Azərbaycan bu məsələdə tam açıq və prinsipialdır. Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, sözügedən dəhliz açılmalıdır və bu, Azərbaycanın tələbi yox, bölgənin dünyadakı əhəmiyyətinin məntiqidir. Ermənistan tərəfi də artıq anlayır ki, bu layihənin qarşısını almaq, əslində, özünün inkişaf və inteqrasiya imkanlarını baltalamaq deməkdir.
Təbii ki, bu prosesə qarşı çıxan qüvvələr də var. Onlar bu bölgədə daimi qarşıdurma və zəif region istəyən geosiyasi dairələrdir. Lakin bu dəfə fərqli olan odur ki, Ermənistan özü də başa düşməyə başlayıb ki, sülhü pozmaq istəyənlər, əslində, tarixən onu alətə çevirənlərdir.
Paşinyan hökumətinin Azərbaycanla sülh imzalamağa yaxınlaşması, Bakı tərəfindən irəli sürülən konkret, hüquqi və qarşılıqlı hörmətə əsaslanan sülh gündəliyini qəbul etməsi bunu sübut edir. Ermənistan indi başa düşür ki, Azərbaycanla real sülh onun üçün də sabitlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz deməkdir.

Əbu-Dabi görüşü sülh müqaviləsinin imzalanacağı tarix kimi yadda qalmayacaq. Amma bu görüş o sənədə aparan yolun dönüş nöqtəsi olacaq. Danışıqların səviyyəsinin, etimad mühitinin, görüşlərin ruhunun tam dəyişdiyi bir mərhələdir.
Azərbaycan bu görüşlə bir daha sübut etdi ki, sülhün xəritəsini özü çəkir və bu xəritənin istiqaməti beynəlxalq hüquqa, tarixi ədalətə və qarşılıqlı suverenliyə əsaslanır. Prezident İlham Əliyev bu prosesi liderlik, ardıcıllıq və diplomatik uzaqgörənliklə aparır.
Bu gün Əbu-Dabidə atılan addımlar sabah Zəngəzurda açılan yollarla, Laçında bərqərar olan əmin-amanlıqla, İrəvanda dəyişən siyasi rüzgarlarla öz bəhrəsini verəcək. Bəli, sülhün xəritəsi artıq cızılıb, yalnız onun yolları çəkilir. Tarix bu prosesin müəllifini unutmayacaq. Və bu tarixin altında yalnız bir imza olacaq - Azərbaycanın imzası, İlham Əliyev imzası.