BAKI, 29 may. TELEQRAF
"Otuz ilə yaxın davam edən işğal zamanı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur bu gün dirçəliş dövrünü yaşayır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. Artıq Böyük Qayıdış uğurla reallaşmaqdadır. Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdışın reallaşması da bunun göstəricisidir".
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev 28 May Müstəqillik Günündə ənənəvi olaraq işğaldan azad olunmuş bölgələrə səfər edir, doğma yurdlarına qayıdan insanlarla görüşür. Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarında məskunlaşırlar. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “ağıllı kənd” və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb.
Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük Qayıdış möhtəşəmdir. Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ildə Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürur hissi ilə doğma yurd-yuvalarında məskunlaşırlar.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, onminlərlə insan yaşayır.
"İşğaldan azad olunmuş ərazilərimizin ən yüksək səviyyədə bərpası üçün dövlətimiz siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə tarixi, mədəni və dini abidələrimizin bərpası istiqamətində böyük işlər görür. Həmin ərazilər yalnız keçmiş köçkünlərin qayıdışı ilə məhdudlaşmır, həm də dünyanın diqqət mərkəzindədir. Azad edilmiş şəhərlərdə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Bütün bunlar isə çox qürurvericidir", - Samir Vəliyev vurğulayıb.
Deputat qeyd edib ki, Müstəqillik Günündə Prezident İlham Əliyev Böyük Qaladərəsi kəndinin sakinləri ilə görüşməklə yanaşı Xankəndi şəhərində bir sıra müəssisələrin və obyektlərin açılışını reallaşdırıb.
Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət sayəsində Azərbaycan inkişaf edərək güclənib və bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu.
Hazırda regionda sülh üçün praktiki addımlar atıldığını deyən millət vəkili sülh təşəbbüsünün müəllifinin Azərbaycan olduğunu xatırladıb. Onun sözlərinə görə, indi bəzi beynəlxalq dairələr sülhə süni əngəllər yaratmağa çalışır və guya Ermənistanı Azərbaycandan qoruyurlar. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Cənubi Qafqazda yeni reallıqların müəllifidir. Eyni zamanda, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır. Hazırda, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlməyə çalışır ki, bu da ilk növbədə erməni xalqı üçün təhlükədir. Bundan sonra Azərbaycana qarşı hər hansı təxribatlar olarsa onlara tutarlı cavab veriləcək.
"Sülh yolunda vacib amillərdən biri regional kommunikasiyaların açılmasıdır. Bu istiqamətdə də işlər görülür. Bütövlükdə, Azərbaycanın mövqeyi regionda sülh və əməkdaşlığın təmin edilməsinə yönəlib" - Samir Vəliyev vurğulayıb.