BAKI, 26 fevral. TELEQRAF

Bu gün Xocalı soyqırımından 33 il ötür, biz Xocalıya qayıtdıq.

Teleqraf xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinin ziyarətindən sonra jurnalistlərə açıqlamasında deyib.

Heç şübhəsiz, Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir və erməni vandalizminin bariz nümunəsidir.

"44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz xocalıların qisasını aldıq və məcburi köçkünlərimiz ata -baba yurdlarına qayıda bildilər. Heç şübhəsiz, ermənilərin 200 illik bölgədə yeritdikləri strategiya darmadağın oldu və biz tarixi ədaləti bərpa elədik. Ermənilər istəsə də, istəməsə də biz Qərbi Azərbaycana qayıdacağıq. Necə ki, Qarabağımıza, Şərqi Zəngəzurumuza qayıtdıq eyni ilə Qərbi Azərbaycana qayıdacağıq",- sədr bildirib.

Onun sözlərinə görə, bu qayıdışın qarşısını heç bir qüvvə ala bilməz çünki bu, beynəlxalq hüquqa söykənən bir məsələdir:

"Son 36 ildə biz Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxara bilməmişdik. Amma suverenliyimizi, ərazi bütövlüyümüzü təmin edəndən sonra xüsusilə də son iki ildə bu məsələni beynəlxalq müstəviyə çıxara bildik. Təkcə bu faktı demək kifayət edir ki, Qərbi Azərbaycan icmasının doqquz rəsmi sənədi bu gün BMT- nin rəsmi sənədi kimi bu təşkilata üzvü olan dövlətləri arasında yayıla bilib. Təbii ki, bunu yetərli hesab eləmirik. Dünya Qərbi Azərbaycandan qovulan insanlarımızın hüquqlarını təmin eləmək üçün konkret addımlar atmalıdır. Qərbi Azərbaycan icması bu istiqamətdə sona qədər mübarizəsini davam etdirəcək", - Əziz Ələkbərli əlavə edib.