
BAKI, 25 fevral. TELEQRAF
Yarımstasionar (günərzi) sosial xidmətin əhatə dairəsi genişləndirilir.
Teleqraf xəbər verir ki, bu, “Sosial xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Belə ki, yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşından yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarət olacaq.
Qeyd edək ki, qüvvədə olan redaksiyada yarımstasionar (günərzi) sosial xidmət yalnız özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara göstərilir.
Təklif olunan dəyişiklik nəticəsində çətin həyat şəraitində olan bütün şəxslər (ailələr) yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq və bu, yarımstasionar (günərzi) sosial xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradacaq.
Layihə bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılıb.