
BAKI, 25 fevral. TELEQRAF
Qanunvericiliyə sosial-mədəni xidmət növü əlavə edilir.
Teleqraf xəbər verir ki, bu, “Sosial xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, sosial-mədəni xidmətlər şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtının səmərəli təşkilinə yönələcək.
Məlumat üçün bildirək ki, hazırkı qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilib. Sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu. Qeyd olunanları nəzərə alaraq “Sosial xidmət haqqında” Qanunda yeni sosial-mədəni xidmət növü əlavə edilir.
Bu xidmət növünün əlavə olunması çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşməsinə, beynəlxalq standartlara uyğunlaşmasına gətirib çıxarır, bu xidmətdən çətin həyat şəraitində olan bütün kateqoriyadan olan şəxslərin istifadəsinə imkan yaradacaq.