BAKI, 20 fevral. TELEQRAF

“2020-ci ilin noyabr ayından bəri 184 hərbi qulluqçu Ermənistanın basdırdığı minaların qurbanı olub”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

O vurğulayıb ki, uzun illər ərzində Ermənistan beynəlxalq konvensiyalara məhəl qoymadan dəqiq mina xəritələrini təqdim etməkdən imtina edərək, qəsdən daha çox insanın həlak olması strategiyasını yürüdüb: “Azərbaycan tərəfinin və beynəlxalq tərəfdaşlarımızın təzyiqi nəticəsində Ermənistan bəzi mina xəritələrini təqdim etsə də, aparılan araşdırmalar onların əsasən qeyri-dəqiq olduğunu göstərir və istifadəyə yararsız hala salınıb. Mina partlayışlarının əksəriyyəti xəritələrdə işarələnməyən ərazilərdə baş verib. Bu da Ermənistanın insan təhlükəsizliyinə və humanitar dəyərlərə hörmətsizliyini nümayiş etdirir”.

Z.Həsənov qeyd edib ki, erməni diversiya qrupları 2021-ci ildə istehsal olunmuş minaları Azərbaycan hərbi qulluqçularının istifadə etdiyi təchizat yollarına yerləşdirib: “Bu, mina partlayışlarından həlak olan və yaralanan hərbi qulluqçuların sayının artmasına səbəb olub. Bu kontekstdə Azərbaycanın Laçın rayonunda nəzarət-buraxılış məntəqəsi qurması, ərazilərimizdə qanunsuz yerləşdirilmiş erməni silahlı dəstələrinin silah və sursatla təchizatının qarşısını almağa kömək edib”.