BAKI, 19 fevral. TELEQRAF

"Azərbaycan regional sabitlik üçün önəmli mərkəzdir".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen Asiya Parlament Assambleyasının (APA)15-ci Plenar Sessiyasındakı çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağın işğaldan azad olunması həm də region üçün vacib idi:

"Ermənistanla əldə edilə biləcək sülh bölgədə rifahı gücləndirəcək. Türkiyə hər zaman Azərbaycanın yanından olub, bundan sonra da olacaq. Əməkdaşlıq və həmrəyliklə daha asan şəraitdə inkişaf etmək olar. İkitərəfli əlaqələrin qurulması vacibdir. Həmçinin çoxtərəfli əməkdaşlıqlarla da çətinliklərin öhdəsindən gəlmək olar".

Türkiyə rəsmisi APA üzvlərini Suriyanın yeni keçid hökumətinə dəstək verməyə çağırıb:

"Suriyada 10 il vətəndaş müharibəsi davam etdi. Müharibədən qaçan suriyalılara qapımızı açdıq. Nəhayət, zalım rejim devrildi. Hazırda keçid hökumətinə dəstək verilməldir. İŞİD, PKK-nın Suriyada yeri ola bilməz. Onların mövcudluğu fonunda Suriyada dayanıqlı sülh əldə edilməyəcək. Bütün APA ölkələrinə Suriyanın yeni keçid hökumətinə dəstək verməyə çağırırıq".