BAKI, 18 fevral. TELEQRAF

Milli Məclisin keçmiş deputatı, yazıçı, professor Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmova yeni vəzifə verilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, o, Yasamal Bələdiyyəsinin sədr müavini seçilib.

Bildirilib ki, yanvarın 29-da keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyənin ilk iclası olub. Toplantıda bələdiyyə üzvlərinin siyahısı oxunub və 19 nəfər üzvün iştirakı təsdiqlənib.

İclasda rəhbərliyin seçilməsi məsələsinə baxılıb. Tahir Məmmədov Yasamal Bələdiyyəsinin sədri seçilib. O, bundan əvvəl də həmin vəzifədə çalışıb. F.Mirələmov isə müavin vəzifəsinə gətirilib.

Qeyd edək ki, F.Mirələmov əvvəllər daxili işlər orqanlarında çalışıb. O, nazirliyin Baş İstintaq İdarəsinin müstəntiqi olub. Hazırda təqaüddədir. Keçmiş deputatın övladı Yasamal Bələdiyyəsində hakim Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərdən biridir.

Xatırladaq ki, F.Mirələmovun atası Hüseynbala Mirələmov III, IV və V çağırış Milli Məclisin deputatı olub. O, 1992-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri vəzifəsində çalışıb.