Bakı, 18 fevral, TELEQRAF

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Prezidenti yanında Dövət İdarəçilik Akademiyası və Beynəlxalq Osmanlı Tədqiqatları Komitəsinin birgə təşkil etdiyi "Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

Teleqraf xəbər verir ki, beynəlxalq konsfransda Prezident yanında Dövət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qonaqları və tədbir iştirakçılarını salamlayaraq, milli mənsubiyyət hüququ ilə bağlı fikirlərini bildirib.

Ombudsman Səbinə Əliyeva çıxışında milli mənsubiyyət hüququ kimi məsələlərin müasir dövrdə olduqca vacib əhəmiyyət daşıdığını qeyd edib, onun beynəlxalq hüquq normalarında öz əksini tapdığını diqqətə çatdırıb. Səbinə Əliyeva illər ərzində deportasiyaya məruz qalmış və hüquqları pozulmuş Qərbi azərbaycanlıların haqlarından da söhbət açıb.

O, bildirib ki, ölkəmizdə 20 dən çox millətin və etnik qrupun nümayəndələri yaşayır:

"Azərbaycan uzun əsrlər boyu davam edən tolerantlıq ənənələri və öz multikultural kimliyi ilə dünya üçün bir nümunə olub. Lakin təəssüf ki, beynəlxalq səndələrdə, milli qanunvericilikdə, milli mənsubiyyətə görə ayrıseçkilik qadağan olunsa da, dünyada insanların milli və etnik mənsubiyyətinə görə təqib olunması, ayriseçkiliyə, soyqırım kimi dəhşətli cinayətlərə məruz qalması hallarına hələ də rast gəlinir.

Azərbaycan bu siyasətin nəticələrindən ən çox zərər çəkən ölkələrdən biridir. 20-ci əsrin əvvələrində soyqırıma məruz qalmış xalqımız həmin əsrin sonlarından etibarən yenidən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə özünü göstərən nifrət siyasətinin qurbanına çevrilib. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının yalnız etnik mənsubiyyətlərinə görə etnik tənzimləməyə məruz qalması, onların izlərinin əsrlərlə yaşadıqları ərazilərdən silinməsi məqsədilə tarixi-mədəni abidələrin dağıdılması, ermənilərin onların ermənişiləşdirilməsi və ya abidələrin azərbaycanlılara aid olunması inkar edilib".

Daha sonra Beynəlxalq Osmanlı Tədqiqatları Komitəsinin İdarə Heyətinin üzvü, Türk dünyasının böyük alimi İlbər Ortaylı "Müstəqilliyə aparan yol: Türk dünyası və Azərbaycan münasibətləri konstekstində" mövzusunda çıxış edib. O, Azərbaycan, Türkiyə və bütövlükdə türk dünyasının ortaq tarixi barədə danışıb, türk xalqlarının öz milli-mənəvi dəyərlərinə hörmətlə yanaşdığını, əsrlər boyu milli kimliyini qoruyub saxladığını vurğulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova "Qərbi azərbaycanlıların zorla yurdlarından çıxarılması və Ermənistan dövlətinin strateji məqsədləri" mövzusunda, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova isə "Azərbaycanlıların milli mənsubiyyət hüququnun tanınması tarixi: milli kimlikdən konstitusion hüquqa" adlı məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, tədbirdə bir çox ictimai-siyasi şəxslər, tələbələr iştirak ediblər.