BAKI, 17 fevral. TELEQRAF
Azərbaycanın Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fevralın 17-də fərman imzalayıb.
Fərmana əsasən, ötən il dekabrın 17-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Memorandum qüvvəyə mindikdən sonra Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycanın Xarici İşlər Nazirliyi memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Hökumətinə bildiriş göndərəcək.