BAKI, 7 sentyabr. TELEQRAF
“Demarkasiya-delimitasiya məsələsinə, o cümlədən David Qareci (Keşikçidağ məbədi – red.) ərazisinə gəlincə, nə yazılı, nə də şifahi razılaşma olub”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında Azərbaycanla sərhədlərin demarkasiya-delimitasiyası barədə sualı cavablandırarkən deyib.
“Ötən illər ərzində sərhədlərin demarkasiyası-delimitasiyası istiqamətində heç bir dəyişiklik baş verməyib, heç bir ölkə ilə bağlı bu sahədə hansısa dəyişiklik olmayıb. Məqsədimiz bu prosesi hərəkətə gətirmək, irəliləyişə nail olmaqdır və əlbəttə, irəliləyiş bizim milli maraqlarımız nəzərə alınmaqla əldə edilməlidir. Amma bir daha vurğulayıram ki, heç bir dəyişiklik baş verməyib. Buna görə də ötən illər ərzində demarkasiya-delimitasiya məsələsi ilə bağlı heç bir razılaşma imzalanmayıb”, - Baş nazir qeyd edib.
Xatırladaq ki, Keşikçidağ Azərbaycanın Gürcüstanla sərhədində yerləşən qədim Albaniya məbədidir. Böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco, digər hissəsi isə Azərbaycanın Ağstafa rayonları ərazisində yerləşir. Gürcüstan kompleksin Azərbaycan ərazisindəki hissəsini də mübahisələndirməyə çalışır. Halbuki Keşikçidağ məbədi qədim alban mənşəlidir, Qafqaz Albaniyasının mədəni irsinə aiddir.
2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılıb. Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir.