BAKI, 5 sentyabr. TELEQRAF
“Ermənistan müxalifəti XIX əsrdə yaşayır, türklərlə bağlı özünün yaratdığı mifə özü inanır”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Stepan Qriqoryan deyib.
“İddia edirlər ki, əgər Rusiya hərbi bazası Ermənistandan çıxarılsa, Türkiyə hücum edəcək. Bu, hətta XX əsrin də yox, XIX əsrin yanaşmasıdır. Qarabağ müharibəsindən sonra regionumuzda çox şey dəyişib. Hərbi bazanı çıxarsaq, Türkiyənin hücum edəcəyi barədə deyilənlər nağıldır”, - o bildirib.
Qriqoryanın sözlərinə görə, bu insanlar kənar qüvvələrin maraqları ilə hərəkət edir, Ermənistanın gündəliyi ilə yaşamırlar: “Deyirlər ki, guya Paşinyan Putinə şantaj etmək istəyirdi, amma bunun müqabilində hərbi baza ilə bağlı cavab aldı. Putin sadəcə Ermənistanda necə xaos yaratmaq haqda düşünür”.
Politoloqun fikrincə, Ermənistanda yerləşən Rusiya hərbi bazası ölkəni qorumur: “Top Putinin meydanındadır. Əgər sözündən dönsə, deməli, yalançıdır, əks halda, hərbi bazanı Gümrüdən çıxarmalıdır”.
Qriqoryan əmindir ki, Rusiya lideri Vladimir Putin imperiyanı bərpa etmək istəyir, Ermənistanı da bu səbəbdən tabe etməyə çalışır: “Rusiya başa düşür ki, blokadanın aradan qaldırılması ilə Ermənistanı birdəfəlik itirəcək. Putin bundan sonra da bizi süni gündəliyə cəlb etməyə çalışacaq və münasibətlər daha da dalana dirənəcək”.
Ekspert hesab edir ki, Rusiya rəhbərliyi bu gün qarşı tərəfi dinləmək iqtidarında deyil: “Putin geri addım atmayacaq, Ermənistan birtərəfli qaydada dəmir yollarına nəzarəti təmin etməlidir, məsələ üzrə Rusiya ilə imzalanmış sazişdən çıxmalıdır”.
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də bəyan edib ki, İrəvan Ermənistandakı Rusiya hərbi bazasına ehtiyac olmadığını hesab edərsə, Moskva onu çıxarmağa hazırdır: “Əgər Ermənistan hesab edirsə ki, Rusiya hərbi bazası ölkədə lazım deyil, biz lap sabah gedərik”.
Ermənistan Baş naziri Nikol Paşinyan Vladimir Putinə cavabında bildirib ki, Moskva Gümrü şəhərindəki 102-ci hərbi bazasını çıxarmaq istəsə, İrəvan etiraz etməyəcək.