BAKI, 31 avqust. TELEQRAF
“Ermənistanın Rusiyanı müttəfiq kimi tanımaması ölkəmizlə çiyin-çiyinə addımlamaq istəməməsini əsaslandırmaq cəhdidir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiya Şurası komitə sədri Vladimir Cabarov deyib.
Senator bildirib ki, Ermənistan hökumətinin 2026-2031-ci illər proqramında Rusiya artıq strateji müttəfiqlər sırasında göstərilmir: “İrəvanda bunu belə əsaslandırırlar ki, guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2021-2023-cü illərdə Qarabağda müharibə zamanı təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib”.
Cabarovun sözlərinə görə, bunlar Ermənistan iqtisadiyyatı üçün böyük itkilərə səbəb olmasına baxmayaraq Avropa İttifaqı (Aİ) ilə şübhəli əlaqələrin gücləndirilməsini və gələcəkdə Avrasiya İqtisadi Birliyindən (AİB) mümkün çıxışı əsaslandırmaq cəhdidir. Senator bunun “yanlış” olduğunu iddia edib.
O iddia edib ki, Ermənistan 44 günlük müharibə zamanı Qarabağdakı keçmiş qondarma rejimi müdafiə və münaqişə ilə bağlı KTMT-dən yardım üçün rəsmi müraciət etməyib:
“Rəsmi müraciət olmadan heç kim müdaxilə etməyəcək”.
Vladimir Cabarov bunu 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən hadisələrlə müqayisə edib: “Həmin vaxt Prezident Kasım-Jomart Tokayev rəsmi şəkildə yardım istəmişdi, dərhal da yardım göstərilmişdi”.
Xatırladaq ki, Qarabağ İqtisadi Rayonu beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir, Ermənistanın hazırkı rəhbərliyi də bunu rəsmən tanıyıb. Bölgə 30 ilə yaxın Rusiyanın dəstəyi ilə Ermənistan tərəfindən işğal altında saxlanıldıqdan sonra - 2020-23-cü illərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub. Başqa sözlə, Qarabağ KTMT-nin məsuliyyət zonasına daxil olmadığı üçün Ermənistan tərəfindən rəsmi müraciət olsa belə, hərbi müdaxilə üçün heç bir hüquqi zəmin yox idi. Belə bir müdaxilə Azərbaycan ərazisinə növbəti təcavüz aktı kimi qiymətləndiriləcəkdi.