BAKI, 12 iyun. TELEQRAF
“1 Mart” işi üzrə təqsirləndirilən Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində məcburi məhkəməyə gətirilmə barədə qərar verilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi məlumat yayıb.
Xatırladaq ki, 1 Mart hadisələri İrəvanda 2008-ci ildə baş vermiş siyasi etirazlara aiddir. 2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkiləri keçirilib. Seçkilərdə o zamankı prezident Robert Köçəryanın namizədi Serj Sərkisyan qalib elan olunub. Müxalifət nəticələri saxtalaşdırılmış hesab edərək, İrəvanda kütləvi etiraz aksiyalarına başlayıb. Martın 1-də polis və ordu nümayişçilərə qarşı güc tətbiq edib, nəticədə 10 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.
Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişi ilə Robert Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan, Seyran Ohanyan və Müdafiə Nazirliyinin korpus komandiri Yuri Xaçaturova qarşı cinayət işi açılıb. Serj Sərkisyanın adı da bu cinayət işində hallansa da, hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib. Amma Nikol Paşinyan bu məsələdə onu da ittiham edib.