BAKI, 12 iyun. TELEQRAF

Brüsseldə Gürcüstan nümayəndə heyəti ilə Avropa Komissiyası arasında viza dialoqu çərçivəsində rəsmi görüş baş tutub.

Teleqraf xəbər verir ki, danışıqların əsas mövzusu Avropa Komissiyasının martın 6-da Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün viza güzəştlərinin müvəqqəti dayandırılması ilə bağlı qərarı olub.

Gürcüstan Xarici İşlər Nazirliyi Avropa Komissiyasının bu qərarını qərəzli və əsassız hesabatlara əsaslandığı üçün ədalətsiz adlandırıb.

Görüşdə Gürcüstanın insan hüquqları, ifadə və toplaşma azadlıqlarını Konstitusiya ilə tam təmin etdiyi vurğulanıb. Rəsmi Tbilisi 2024-cü ildəki etirazlar zamanı baş verən zorakılıq hallarının araşdırıldığını və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən beş nəfərin artıq saxlanıldığını diqqətə çatdırıb.

Həmçinin parlament tərəfindən qəbul edilən qanunların beynəlxalq öhdəliklərə zidd olmadığı və milli maraqlara cavab verdiyi qeyd edilərək, onların ləğvi ilə bağlı tələblərin əsassız olduğu vurğulanıb. Tərəflər miqrasiya idarəçiliyi, readmissiya prosesləri və korrupsiyaya qarşı mübarizə sahəsində görülən işləri də nəzərdən keçiriblər.

Gürcüstan tərəfi viza məsələsinin siyasi manipulyasiyaya çevrilməsini qəbuledilməz hesab edir və Avropa İttifaqı ilə qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında konstruktiv əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha bəyan edib.