BAKI, 9 iyun. TELEQRAF

Avropa İttifaqı (Aİ) Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə dair bəyanat yayıb.

Teleqraf xəbər verir ki, bəyanatda bütün daxili siyasi qüvvələr səsvermənin nəticələrinə hörmət etməyə çağırılıb.

Aİ Ermənistan vətəndaşlarını seçkilərdə iştirak etdiklərinə görə təbrik edib, əhalinin aktivliyini yüksək qiymətləndirib.

Bəyanatda seçki prosesinə Rusiyadan müdaxiləyə də diqqət çəkilib:

"Seçki kampaniyası və səsvermə Rusiyanın görünməmiş müdaxiləsi, təzyiqləri və davamlı hibrid hücumları fonunda baş tutub. Bura demokratik prosesi sarsıtmaq və qütbləşməni qızışdırmaq məqsədi daşıyan iqtisadi məcburetmə tədbirləri də daxildir".

Brüssel müdaxiləyə baxmayaraq, seçkilərin baş tutduğunu vurğulayıb.

Aİ Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı və Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyasının açıq liderliyini göstərən ilkin nəticələri nəzərə aldığını bildirib:

"Biz bütün siyasi qüvvələri səsvermənin nəticələrinə hörmət etməyə və hər hansı seçki şikayətini həll etmək üçün qanuni mexanizmlərdən istifadə etməyə çağırırıq".