BAKI, 9 iyun. TELEQRAF

Qarabağdan Ermənistana köçmüş şəxslərdən 39 min 650 nəfəri bu ölkənin vətəndaşlığını qəbul edib. Cari ilin yanvarın 1-dən etibarən bu istiqamətdə müraciətlərin sayında kəskin artım müşahidə olunur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirinin müavini Armen Mkrtçyan parlamentdə bildirib.

Nazir müavininin sözlərinə görə, vətəndaşlıq üçün müraciət edənlərin sayı ilin əvvəlindən bəri nəzərəçarpacaq dərəcədə artıb:

"Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə, müraciət edən yetkinlik yaşına çatmış şəxslərin sayı 11 min 146 nəfər təşkil edib. Qarabağdan köçən azyaşlıların sayı isə 28 mindir ki, onlardan da təxminən 12 min nəfərinə artıq Ermənistanın vətəndaşlığı verilib".