BAKI, 2 iyun. TELEQRAF

“Ermənistanın 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) üzv olması ehtimalı azdır”.

Teleqraf xəbər verir ki, bunu Avropa Parlamentinin Lüksemburqdan olan üzvü Fernan Kartxayzer Rusiya mediasına deyib.

“Ermənistan Aİ daxilində böyük hörmətə malik olsa da və rəsmi münasibətlər dərinləşməyə davam etsə də, üzvlük məsələsi nəzəri olaraq qalır. Ermənistanın coğrafi mövqeyi və qonşularından ən azı biri (Azərbaycan) ilə mürəkkəb münasibətləri nəzərə alındıqda, namizədlik bir çox sual doğurur”, - o bildirib.

Kartxayzerin sözlərinə görə, Avropa İttifaqı hazırda Qərbi Balkan ölkələri, Ukrayna və Moldovanın üzvlük perspektivlərinə fokuslanıb. Amma onun fikrincə, bu mərhələdə daha real istiqamət Aİ ilə Ermənistan arasında əməkdaşlığı daha da genişləndirməkdir: “Bura ölkənin iqtisadi inkişafını dəstəkləmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq və mədəni əlaqələri gücləndirmək daxildir”.

Lüksemburqlu deputat əlavə edib ki, Ermənistan, xüsusən də İranla uzunmüddətli münasibətlərinə görə, Aİ üçün xarici siyasət tərəfdaşı kimi də maraqlı ola bilər.