BAKI, 19 may. TELEQRAF
“Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ) arasında seçim etməlidir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
Rusiya rəsmisi bunun İrəvan üçün çox çətin seçim olduğunu iddia edib.
“Burada iqtisadi-siyasi məsələlər bir-biri ilə sıx bağlıdır. Bütün bunlar hazırda Ermənistanda gedən proseslərə təsir göstərir. Orada Avrasiya İqtisadi Birliyi ilə əlaqələrin qorunmasının tərəfdarı olan, eləcə də ölkəni Avropa İttifaqına doğru aparmağa çalışan qüvvələr var. Əlbəttə, biz öz tərəfimizdən Ermənistanı Avrasiya İqtisadi Birliyinin bir hissəsi kimi görmək istəyirik”, - o vurğulayıb.
Overçuk həmçinin iddia edib ki, Moskva Cənubi Qafqazda sülhün bərqərar olmasını dəstəkləyir, Rusiyanın səyləri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verib:
“Məlumdur ki, artıq nümayəndə heyətlərinin qarşılıqlı səfər mübadiləsi aparılır, iki ölkə arasında ticarət əlaqələri başlayıb. Bu, tamamilə təbii prosesdir, bundan çox məmnunuq. Ermənistanın nəqliyyat sistemi qismən blokadadan çıxarılıb: bu gün Rusiya taxılı və gübrəsi dəmir yolu ilə Azərbaycan və Gürcüstan ərazisi vasitəsilə Ermənistana çatdırılır. Rusiya da blokadanın açılması prosesində iştirak edir. Bütün bunlar Ermənistanı gücləndirir. Amma həm də gördüyümüz budur ki, Ermənistanda Avropa İttifaqı ilə yaxınlaşma tərəfdarı olan qüvvələr var. Onlar ötən ilin aprel ayında Avropa İttifaqına üzvlük istəyini açıq şəkildə göstərən qanun da qəbul ediblər”.
Rusiya rəsmisi əlavə edib ki, Ermənistan tezliklə qərar versəydi, daha yaxşı olardı:
“Ermənistan tərəfindən eşidirik ki, Aİ-yə qoşulmağa və onun standartlarını qəbul etməyə çalışırlar, həm də hələlik AİB-də qalmaq və AİB-ə üzvlüyün təmin etdiyi bütün iqtisadi üstünlüklərdən yararlanmaq istəyirlər. Ermənistan tezliklə qərar versəydi, daha yaxşı olardı. Bu, həm Ermənistanın AİB-dəki müttəfiqləri, həm də Ermənistanın özü üçün daha ədalətli olardı. Üstəlik, bu qeyri-müəyyənlik iqtisadi operatorları gözləmə mövqeyi tutmağa məcbur edir və uzunmüddətli iqtisadi münasibətlərin inkişafına mane olur. Amma biz Ermənistanın AİB-də qalmasını istəyir. Seçim Ermənistan xalqının öz ixtiyarındadır”.