BAKI, 24 mart. TELEQRAF
“Sovet İttifaqı dağılanda Mərkəzi Asiya, Ukrayna və Cənubi Qafqazda həll olunmamış sərhəd məsələləri qoyub getdi. Bizə də deyildi ki, siz Ermənistanda yaşayırsınızsa, yalnız burada yox, orada da eviniz olsun (Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutur – red.). Bunu bizi idarə etmək və özlərindən asılı vəziyyətdə saxlamaq üçün etdilər”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Spiker qonşu ölkələrə qarşı ərazi iddialarının müharibə demək olduğunu və Ermənistanda Robert Köçəryanın rəhbərlik etdiyi radikal qüvvələrin bu gündəmdən çıxış etdiklərini vurğulayıb.
“Bəli, 2026-cı il iyunun 7-də keçiriləcək seçkilər sülhlə mümkün müharibə arasında olacaq”, - o əlavə edib.
Praqada Baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı iradlara münasibət bildirən Simonyanın sözlərinə görə, Ermənistan Praqada əslində öz dövlətçiliyi və ərazi bütövlüyünü tanıyıb:
“Ermənistan Praqada öz ərazisini tanıyıb və bununla ölkəni müstəmləkəçilikdən, əyalətə çevrilməkdən və suverenliyini itirməkdən qoruyub. Praqa haqqında mənfi danışanlar Ermənistanın müstəqil dövlət kimi mövcud olmasını istəmirlər.
Biz Praqada Azərbaycanın ərazisini yox, öz ərazimizi tanımışıq, çünki Ermənistan Azərbaycanın bitdiyi yerdən (sərhəddən) başlayır”.