BAKI, 11 fevral. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-10-da səfərdə olduğu Ermənistanda qondarma erməni soyqırımını inkar etməkdə ittiham olunur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan bildirib.

Deputat ABŞ-nin ikinci şəxsinin sosial mediada əvvəlcə İrəvanda “soyqırımı abidəsi”ni ziyarətindən foto paylaşdığını, ardınca bunu sildiyini xatırladıb:

“ABŞ-nin vitse-prezidentinin regiona səfərinə müxtəlif qiymətlər verilsə də, bu səfər (qondarma) soyqırımı qurbanlarının xatirə kompleksinə edilən ziyarət zamanı (Ermənistan üçün) yaşanan xoşagəlməz epizodla - paylaşım edilməsi, sonra onun silinməsi və narahatedici redaktə ilə yenidən dərc olunması ilə yadda qaldı. Bu səfər Ermənistanda belə xatırlanacaq”.

Tiqran Abramyan Ceyms Devid Vensi qondarma erməni soyqırımını inkarda ittiham edib.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da həyat yoldaşı Uşa Venslə İrəvanda “soyqırımı abidəsi”ndə olub. Vitse-prezidentin X hesabında bununla bağlı “erməni soyqırımı” ifadəsinin yer aldığı paylaşım edilsə də, qısa müddət sonra tvit tamamilə silinib. ABŞ-nin vitse-prezidentinin mətbuat katibi Teylor van Kirk bundan sonra Vens və xanımının ziyarəti ilə bağlı yenidən paylaşım etsə də, burada “erməni soyqırımı” ifadəsinə yer verilməyib.

Baş verənlər Ermənistanın müxalif siyasi və ictimai çevrələrində müzakirələrə səbəb olub.