BAKI, 26 noyabr. TELEQRAF

“Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması yolunu seçib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Taquhi Qazaryan deyib.

“Biz bu yolu seçmişik”, - deputat Ermənistan hakimiyyətinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində apardığı siyasətlə bağlı müxalifətin iddialarını şərh edərkən bildirib.

Qazaryan qeyd edib ki, tərəflər arasında danışıqlar olmasa, alternativ müharibə olacaq: “Məsələn, “Daşnaksütyun” lideri İşxan Saqatelyanın istədiyi sülh müharibə ilə sülhdür”.

Deputat əlavə edib ki, sülh əvəzinə müharibə istəyən Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın ailə üzvləri xarici ölkələrdə yaşayırlar:

“Keçmiş prezidentlər gəlinlərini başqa ölkələrə göndəriblər ki, orada uşaq dünyaya gətirsinlər və uşaqları sakit şəraitdə böyüsün, sonra bizim uşaqlara humanitar yardım göndərsinlər”.