BAKI, 9 oktyabr. TELEQRAF
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin görüşü ərəfəsində Rusiya tərəfi nikbindir, liderlər münasibətlərində bütün həlledici məsələləri müzakirə edə biləcəklər.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putinin Tacikistana dövlət səfərindən danışırıq. Gündəliyimiz çox genişdir. Əlbəttə, ayrıca olaraq Rusiya–Azərbaycan münasibətləri məsələsi də gündəmdədir. İki prezident bu gün görüşəcək. Görək bu görüşün nəticələri necə olacaq. Biz bu məsələdə nikbinik. Ümid edirik ki, prezidentlər ikitərəfli münasibətlərimizin mövcud vəziyyətini müzakirə edəcək və mövcud problemli məqamlar barədə də danışacaqlar”, – Kremlin sözçüsü deyib.
Peskovun sözlərinə görə, oktyabrın 7-də Putinlə Əliyev arasında baş tutmuş telefon danışığı yaxşı, müsbət və konstruktiv olub və qarşıdakı görüş barədə razılıq həmin söhbət zamanı da əldə edilib.
Xatırladaq ki, Əliyev həmin gün Putinin ad günündə Rusiya liderinə zəng edərək onu təbrik edib. Bu danışıq tərəflər arasında təxminən yarım ildən çox davam edən şəxsi təmasların olmamasından sonra ilk əlaqə olub.
Rusiya və Azərbaycan prezidentlərinin tamformatlı görüşü bu gün Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. Görüş Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində baş tutacaq. Bu görüş 2024-cü ilin oktyabrından bəri ilk belə təmas olacaq – həmin vaxt da prezidentlər MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşmüşdülər. Bundan başqa, hər iki lider arasında sentyabrda Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində qısa söhbət olub.