BAKI, 18 sentyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd möhüründən Ağrı dağı təsvirinin çıxarılması qərarından danışıb.
Teleqraf xəbər verir ki, baş nazir jurnalistlərlə söhbətində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçın İrəvana səfərində bu məsələnin müzakirə olunmadığını iddia edib.
“Ermənistan hökumətinin ölkənin viza möhürlərindən Ağrı dağının təsvirini silmək qərarı Türkiyədən hər hansı tələblə bağlı deyil. Pasport möhürlərinə gəlincə, bu məsələ bir neçə ay əvvəl gündəmə gəlib. Bu məsələ Ermənistan-Türkiyə danışıqlarında müzakirə olunmayıb və müzakirə oluna da bilməz. Legitimlik amili bizim təhlükəsizlik strategiyamızın açarıdır. Biz özümüz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini, onun bütövlüyünü və suverenliyini tanımalıyıq və tanıyırıq. Bunu dövlətimizə çatdırmaq üçün strategiyamız var, vəziyyəti sağlamlaşdırmaq üçün bunu davam etdirməliyik”, - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, təhlükəsizlik strategiyasında legitimlik faktoru Ermənistanın ərazi bütövlüyü və suverenliyi, ərazi və sərhədlərinin tanınması üçün əsasdır: “Bunu dövlətimizin davamlılığını təmin etmək üçün edirik”.
Xatırladaq ki, Ağrı dağı Türkiyə ərazisində yerləşir və bu ölkənin suveren ərazisidir. Bu, ölkənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. Bu iddia Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib.