BAKI, 27 may. TELEQRAF
Ermənistan parlamentinin spikeri Alen Simonyan sabiq prezidenti Robert Köçəryanın Moskvaya səfəri ilə bağlı məlumatlara cavab verib.
Teleqraf xəbər verir ki, spiker jurnalistlərin müvafiq sualına cavab olaraq, bunu Köçəryanın özündən soruşmalarını tövsiyə edib.
Həmçinin Alen Simonyan sabiq prezidentin Rusiya ilə “İttifaq Dövləti”ndə birləşməyi Avropa İttifaqına inteqrasiyadan üstün tutduğunu bildirib:
“Ötən günlərdə yerli KİV-ə müsahibəsində maraqlı bir şey elədi. Soruşurlar ki, “İttifaq Dövləti” (Ermənistanın bura qoşulması – red.) haqqında nə düşünürsünüz?” Cavab verir ki, “Mən belə bir şey deməmişəm”. Sonra Avropa İttifaqı ilə yanlış paralellər apararaq, “İttifaq Dövləti”ni (Ermənistan üçün ən uyğun variant olduğunu) hər cür sübut etməyə və təqdim etməyə başlayır”.
Xatırladaq ki, Ermənistan KİV-də Robert Köçəryanın ötən həftə Moskvaya qısamüddətli səfər etməsi barədə məlumat yayılıb. İddiaya görə, Kremldə Ermənistanın sabiq prezidenti ilə görüş keçirilib və Baş nazir Nikol Paşinyanın impiçmenti və qarşıdan gələn parlament seçkiləri müzakirə olunub.