BAKI, 22 may. TELEQRAF

İrəvanda qondarma erməni soyqırımı memorialına ziyarət dünən Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun proqramından çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri xatırladır ki, Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun səfəri ərəfəsində onun səfər proqramını açıqlayıb:

“Rusiya XİN bəyan etmişdi ki, ənənəyə uyğun olaraq, səfər çərçivəsində İrəvanda “Naməlum əsgərin məzarının əbədi məşəli” önünə gül dəstələri, (qondarma) erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulacaq. Amma dünən məlum olub ki, soyqırımı memorialına ziyarət səfər proqramından çıxarılıb, Sergey Lavrov ora sadəcə əklil göndərib.

Rəsmi izahat səfər proqramının dolu olması ilə bağlıdır. Ancaq Rusiya XİN bunu “Naməlum əsgər” abidəsini ziyarət edərkən, Lavrovun çəkilmiş, arxa planda Ağrı dağı olan foto ilə kompensasiya etməyə çalışıb”.

Xatırladaq ki, Ağrı Türkiyə ərazisində yerləşən dağıdır və ölkənin ən yüksək zirvəsidir. Ermənilər uzun illərdir Türkiyənin bu ərazisinə iddia irəli sürürlər. Ermənilərin bu işğalçı iddiaları Ermənistan gerbi və konstitusiyasında da öz əksini tapıb. Ermənistan konstitusiyasında Azərbaycana qarşı da ərazi iddiası var. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün bu məqamların konstitusiyadan çıxarılmasını və gerbin dəyişdirilməsini tələb edir.