BAKI, 20 may. TELEQRAF

“Moskva Nikol Paşinyan hökumətini öz düşməni kimi görür”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Respublika partiyasının sədri Aram Sərkisyan deyib.

“Rusiya üçün Ermənistan hökuməti onun tərəfindən təyin olunmayıbsa, o, düşmən hökumətdir. Rusiya istəmir ki, erməni xalqı seçim etsin, seçim imkanı olsun. Rusiya Ermənistanın Belarus kimi olmasını istəyir”, - siyasətçi bildirib.

Aram Sərkisyan qeyd edib ki, SSRİ-nin dağılmasını həzm edə bilməyən Rusiya Prezidenti Vladimir Putin yeni “İttifaq Dövləti” yaratmaq və Ermənistanı ora qatmaq istəyir:

“Rusiya Ukraynada müharibəyə sadə bir səbəbdən başladı: Putin hesab edir ki, XX əsrin ən böyük itkisi Sovet İttifaqının dağılmasıdır. Buna görə də, Rusiya prezidenti Ermənistanın da daxil olduğu “İttifaq Dövləti” yaratmaq qərarına gəlib”.

Həmçinin Ermənistanda “Moskvanın adamı” kimi tanınan sabiq prezident Robert Köçəryanın fəallaşmasına toxunan partiya sədri vurğulayıb:

“Robert Köçəryan qoca olduğuna görə hakimiyyətə qayıda bilməyəcək. Həmçinin geosiyasi vəziyyət dəyişib, Qərb və Avropa çoxdan buradadır”.