
BAKI, 13 mart. TELEQRAF
Dünən Ermənistanın sabiq prezidenti Serj Sərkisyana qarşı yeni ittihamlar irəli sürülüb. O, külli miqdarda vəsaiti mənimsəmə, vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda çirkli pulların yuyulması və digər ittihamlar üzrə məhkəmə qarşısına çıxarılacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, yeni cinayət işi İrəvanda “İsakov” prospekti və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq mənimsənilməsi ilə əlaqəlidir.
“Dünən Sərkisyanın vəkili bu torpaqların kimə satıldığını mətbuata açıqlamaqdan imtina etsə də, əldə etdiyimiz məlumata görə, torpaq sahələrinin əksəriyyəti hökumətin qərarı əsasında Çinin Ermənistandakı səfirliyinə satılıb.
Sövdələşmə 2005-ci ildə olub, indi Ermənistandakı Çin səfirliyi həmin ərazidə yerləşir, ərazi mahiyyətcə onların mülkiyyətidir. İndi bu məsələnin qabardırılması ilə Ermənistan-Çin münasibətlərinə də zərbə vura bilərlər”, - erməni nəşri yazır.