BAKI, 31 iyul. TELEQRAF

Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Müdafiə Qüvvələri ilə birlikdə işğal edilmiş Krım yarımadasının Yevpatoriya şəhərində yerləşən aviasiya zavoduna və Rusiyanın Krasnodar vilayətindəki Taman limanının infrastrukturuna zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Müdafiə Qüvvələri ilə birlikdə Rusiyanın hərbi, logistika və neft emalı infrastrukturuna növbəti uğurlu zərbələr endirib.

Yevpatoriyada aviasiya texnikasının saxlanılması üçün istifadə edilən iki anqar və Yevpatoriya Aviasiya Zavodunun istehsalat sexi vurulub. Bundan başqa, Taman limanının infrastrukturu da zərbəyə məruz qalıb. Ərazidə genişmiqyaslı yanğın qeydə alınıb.

Qeyd edilib ki, Rusiya hərbi-sənaye kompleksinə aid hər bir vurulan müəssisə, hər bir yanan neft emalı zavodu və ya liman Rusiya “hərbi maşın”ının zəiflədilməsi istiqamətində növbəti addımdır: “Düşmənin hərbi potensialının zəiflədilməsinə yönəlmiş bu sistemli əməliyyatlar bundan sonra da davam etdiriləcək”.