BAKI, 9 iyun. TELEQRAF

“Moldova rəhbərliyinin Rumıniya ilə birləşmək barədə açıq açıqlamaları Kişinyovun Avropa İttifaqına (Aİ) inteqrasiya siyasətinin uğursuzluğunu göstərir”.

Teleqraf xəbər verir ki, bunu Moldovanın hakim “Fəaliyyət və Həmrəylik” partiyasından olan parlamentinin sədr müavini Doyna German deyib.

“Ölkəmizin məqsədi və vətəndaşlarımızın əksəriyyətinin seçimi Moldovanın Avropa İttifaqına üzvlüyü olub. İstək və fürsət olduğu müddətcə davam edəcəyik. Amma başqa bir planı (Rumıniya ilə birləşmə) müzakirə etmək, artıq Avropa İttifaqına inteqrasiya prosesinin uğursuz olduğunu etiraf etmək deməkdir”, - o bildirib.

German hazırda başqa planları müzakirə etmək üçün heç bir səbəb görmədiyini qeyd edib.

Vitse-spiker vurğulayıb ki, Rumıniya ilə mümkün birləşmə vətəndaşların dəstəyinə malik deyil, Moldova hakimiyyəti cəmiyyətin səsini dinləməyə borcludur.

Moldova Prezidenti Maya Sandu, parlamentin və hakim partiyanın sədri İqor Qrosu, Baş nazir Aleksandru Muntyanu və digər ölkə rəsmiləri bundan əvvəl dəfələrlə Rumıniya ilə mümkün birləşməni dəstəklədiklərini bəyan ediblər. Moldova liderləri bunu Rusiyadan gələn təhlükə ilə əlaqələndirirlər.