BAKI, 5 iyun. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə görüş təklifini yaxşı təşəbbüs hesab edir.
Teleqraf xəbər verir ki, o, Fransanın əvvəldən belə bir görüşün tərəfdarı olduğunu deyib.
“Prezident Zelenskinin Vladimir Putinə görüş təklifi ilə göndərdiyi məktub yaxşı təşəbbüsdür. Biz həmişə Ukrayna ilə Kreml arasında birbaşa danışıqların aparılmasını müdafiə etmişik”, - Fransa lideri qeyd edib.
Makronun sözlərinə görə, indi mümkün atəşkəs və sülh planının parametrlərini Ukrayna və Rusiya müəyyən edə, Avropa da bu işdə kömək edə bilər.
O qeyd edib ki, Avropa Ukraynanın hərbi səylərinə əhəmiyyətli töhfə verir və sülh danışıqları başa çatdıqdan sonra onun yeni arxitekturasına qoşulmağa hazırdır:
“Ukrayna suveren dövlətdir və biz - Fransa, Almaniya və Böyük Britaniya yaxından iştirak edirik, növbəti addımları müzakirə etmək üçün tezliklə Ukrayna Prezidenti Volodimir Zelenski ilə yenidən görüşəcəyik”.