BAKI, 4 iyun. TELEQRAF
Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqının (Aİ) üzvlərinin sayının 27-dən 40-a qədər artırılmasını və coğrafiyasının Cənubi Qafqaza qədər genişləndirilməsini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə o, Helsinkidə keçirilən enerji konfransında danışıb.
Finlandiya liderinin fikrincə, Kanada da daxil olmaqla, Avropa və qeyri-Avropa ölkələri ittifaqa cəlb edilməlidir.
“Hazırda geniş və coğrafi baxımdan düşünməliyik. Ümumilikdə 40 Avropa ölkəsini, hətta Avropadan kənar ölkələri də əhatə edəcək qədər çevik üzvlük mexanizmlərini genişləndirməli və ya heç olmasa yaratmalıyıq”, - o bildirib.
Stubbun sözlərinə görə, Aİ-nin genişlənməsi üçün açılan fürsət pəncərəsi olduqca balacadır, çünki Rusiya-Ukrayna müharibəsi bitdikdən və ABŞ-də hakimiyyət dəyişikliyindən sonra insanlar başqa şeylər haqda danışmağa başlayacaqlar. Potensial yeni Aİ üzvlərini müzakirə edən Finlandiya Prezidenti Böyük Britaniya, Norveç, İslandiya və Qərbi Balkan ölkələrini xüsusi olaraq qeyd edib. Bundan əlavə, o, Ukrayna, Moldova və Gürcüstanın daxil edilməsi ehtimalına diqqət çəkərək, Türkiyənin də ciddi şəkildə nəzərdən keçirməli olduğunu vurğulayıb.
Aleksandr Stubb həmçinin əlavə edib: “Kanada ABŞ-nin 51-ci ştatı yox, Avropa İttifaqının 28-ci ştatı olsaydı, çox gözəl olmazdımı?”.