BAKI, 2 iyun. TELEQRAF
Macarıstanın yeni Baş naziri Peter Madyar gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Peter Madyar Almaniya kansleri Fridrix Merts ilə Berlində keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib.
P.Madyar qeyd edib ki, görüşün baş tutması üçün iki ölkə Transkarpatiyadakı macar azlığının hüquqlarının bərpası ilə bağlı razılığa gəlməlidir.
O, bu istiqamətdə aparılan danışıqların yaxın vaxtlarda uğurla başa çatacağına ümidvar olduğunu vurğulayıb:
"Hazırda Ukrayna və Macarıstan arasında bu ölkədə yaşayan macar azlığının dil, mədəniyyət və təhsil hüquqlarına dair danışıqlar aparılır. Hələlik bu prosesdə ümidverici irəliləyiş müşahidə olunur. Ümid edirik ki, ekspertlər səviyyəsində müzakirələri bu həftə tamamlaya biləcəyik".
Hökumət başçısı əlavə edib ki, fundamental insan hüquqları barədə razılıq əldə olunacağı təqdirdə, gələn həftənin əvvəlində V.Zelenski ilə görüşməyə hazırdır.
P.Madyar, həmçinin etnik macarların hüquqlarının qaytarılmasının Ukraynanın Avropa İttifaqına (Aİ) üzv qəbul edilməsi üçün mütləq şərt olduğunu diqqətə çatdırıb:
"Hesab edirik ki, Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq istəyən dövlət bu hüquqlara hörmətlə yanaşmalıdır. Çox ümid edirəm ki, biz bu məsələni nizamlayacağıq".