BAKI, 1 iyun. TELEQRAF
“Baş naziri Peter Madyarın hərəkətləri Macarıstanda konstitusion böhrana səbəb olub”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Prezidenti Tamaş Şuyok Baş nazirin onun istefası ilə bağlı davamlı çağırışlarına cavab olaraq deyib.
Prezident bildirib ki, Madyarı onun xahişi ilə iqamətgahında ədliyyə naziri Marta Göröqlə birlikdə qəbul edib:
“Söhbətimiz zamanı hökumətin respublika prezidentinin konstitusion rolunu Konstitusiyaya zidd şəkildə - birtərəfli siyasi tələblərə uyğun olaraq qiymətləndirdiyi və şərh etdiyi təsdiqlənib”.
Şuyokun sözlərinə görə, hökumət onu vəzifəsindən uzaqlaşdırmaq üçün Konstitusiyaya düzəliş etməyi planlaşdırır.
Prezident hesab edir ki, yaranan konstitusion böhranı cəmiyyətdə parçalanmanı dərinləşdirir və Macarıstan demokratiyasının beynəlxalq nüfuzuna xələl gətirir.
Xatırladaq ki, Peter Madyar bundan əvvəl Tamaş Şuyok istefa verməyəcəyi təqdirdə parlamentdə impiçment prosedurunun başlayacağını açıqlayıb. Baş nazir buna nail olmaq üçün Konstitusiyaya müvafiq düzəlişin edilə biləcəyini də istisna etməyib.