BAKI, 28 aprel. TELEQRAF

Ukraynanın hüquq-mühafizə və təhlükəsizlik orqanları Avropolun köməyi ilə “Qara Qol” xüsusi əməliyyatının ikinci mərhələsini keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Əməliyyat zamanı cinayətkar və qanunsuz silahlı qruplara silah tədarükü üçün kanal quran mütəşəkkil cinayətkar dəstənin iştirakçıları ifşa edilib.

Məlumatda deyilir: “Kim Çen In, Bəşər Əsəd, Dmitri Medvedev, Sergey Sobyanin, Sergey Lavrov, Ramzan Kadırov, Stiven Siqal, Yuliya Çiçerina, Vladimir Solovyov, Aleksandr Sidyakin və Vladimir Saldo – onlar qondarma Donetsk Xalq Respublikasının lideri Denis Puşilindən hədiyyə silahlar alan şəxslərdir”.

Qeyd edilir ki, silahlar iki mənbədən gəlib: Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazilərindən oğurlanıb və Slovakiyadan qanunsuz olaraq idxal edilib.

Qaçaqmalçılıq mexanizmləri, təchizat yolları və cinayətkar qrupun üzvləri 2026-cı ilin yanvar ayında Ukrayna Milli Polisinin Baş İstintaq İdarəsi və Strateji Təhqiqatlar Departamenti tərəfindən ifşa edilib.

Polşa hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində şübhəlilərin bəziləri - Ukrayna vətəndaşları Polşa sərhədində qanunsuz olaraq həmin dövlətin ərazisinə silah idxal etməyə cəhd edərkən saxlanılıblar. Silahlar müsadirə edilib və ittiham aktları Polşadakı məhkəməyə göndərilib.