BAKI, 1 aprel. TELEQRAF

Rəsmi Berlin ABŞ Prezidenti Donald Trampın Amerikanın NATO-ya üzvlüyü ilə bağlı açıqlaması fonunda Almaniyanın Şimali Atlantika Alyansına sadiqliyini bir daha təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius bildirib.

“O, ilk dəfə deyil ki, belə edir. Bu, təkrarlanan fenomen olduğundan, nəticələrini özünüz qiymətləndirə bilərsiniz. Amerika Prezidentinin sözlərini şərh etmək mənim işim deyil. Sadəcə Almaniya hökuməti adından bəyan edirəm ki, biz NATO-ya sadiqik”, - Almaniya rəsmisi vurğulayıb.

Kornelius Almaniyanın NATO qarşısındakı öhdəliyi yerinə yetirdiyini vurğulayıb: “Bütün üzvləri ədalətli yük bölgüsünü təmin etmək üçün eyni şeyi etməyə çağırırıq”.

Donald Tramp bundan əvvəl “The Telegraph” qəzetinə verdiyi müsahibədə alyansın İrana qarşı əməliyyatda Vaşinqtonu dəstəkləmədiyi üçün ABŞ-nin NATO-dakı iştirakını yenidən nəzərdən keçirməyi düşündüyünü söyləmişdi. Elə həmin müsahibədə Amerika lideri NATO-nu “kağız pələng” adlandırmış və alyansa heç vaxt çox rəğbət bəsləmədiyini etiraf etmişdi.