BAKI, 28 noyabr. TELEQRAF
Ukraynanın Korrupsiyaya qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) və Korrupsiyaya qarşı Mübarizə İdarəsi (NABU) Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın ev və ofisində axtarışlar aparır. Axtarışların ABŞ-nin ordu naziri Daniel Driskollun Kiyevə səfərindən bir gün əvvəl aparılması təsadüfi hesab edilmir.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri yazıb.
Mənbənin versiyasına görə, bu, Ukrayna hakimiyyətinə ABŞ Prezidenti Donald Trampın sülh planı, xüsusən də Ukrayna qoşunlarının Donbasdan çıxarılması məsələsində güzəştə razı salmağa edilən təzyiqi ehtiva edir:
“Bundan cəmi bir gün əvvəl Yermak bəyan etmişdi ki, Volodimir Zelenski prezident olduğu müddətdə Ukrayna ərazi güzəştinə getməyəcək. Məhz buna görə də siyasi dairələrdə bir çoxları Yermakın evindəki axtarışları bu hadisələrlə əlaqələndirir. Bu versiyaya əsasən, Vaşinqton NABU vasitəsilə Zelenskini başa salır ki, vəziyyət ciddidir, sülh planı ilə bağlı mövqeni korrektə etməyin vaxtı çatıb.
Başqa bir versiyaya görə, axtarışlar anti-Zelenski koalisiyası tərəfindən çoxdan həyata keçirilən xəttin tərkib hissəsidir. Məqsəd prezidentin real hakimiyyətdən məhrum edilməsidir. Bu planın əsas elementlərindən biri də Yermakın vəzifədən uzaqlaşdırılmasıdır, amma Zelenski indiyədək buna razı olmayıb. Görünür, indi ona bu addımı atmaq üçün yeni arqumentlər təqdim edilir.
Həmçinin, son günlərdə aktiv şəkildə Yermakın Bankovaya (Prezident Administrasiyası) tabe olan xüsusi xidmət orqanları vasitəsilə NABU və SAP-a qarşı əks zərbə hazırladığı barədə şayiələr yayılırdı. Antikorrupsiya qurumlarının bu gün apardığı əməliyyatlar da belə bir ssenarinin qarşısını almağa yönəlmiş ola bilər.
Bir neçə gün əvvəl o məlumat da yayılmışdı ki, NABU Zelenskini Yermaka korrupsiya işi üzrə şübhəli şəxs qismində ittiham irəli sürüləcəyi barədə xəbərdar edib. KİV-lərə görə, Zelenski Yermakı xilas etmək üçün onu danışıqlar qrupunun rəhbəri təyin edib. Amma görünən budur ki, bu, Prezident Administrasiyasının rəhbərini istintaq tədbirlərindən qorumağa kifayət etməyib”.
***
12:14
Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak Prezident Volodimir Zelenskiyə müraciət edərək, onun administrasiyasının rəhbəri Andrey Yermakın istefasını tələb edib.
Teleqraf xəbər verir ki, müvafiq müraciət deputatın Teleqram kanalında dərc olunub.
“Cənab Prezident, siz öz administrasiyanızın rəhbəri Yermakı dərhal istefaya göndərməlisiniz. Energetika və müdafiə sektorlarındakı bütün korrupsiya və rüsvayçı mənimsəmələrdən sonra sizin bu qərarı gecikdirməyə qətiyyən haqqınız yoxdur”, - Jeleznyak yazıb
***
11:58
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın evində axtarışlar energetika sektorunda korrupsiya ilə bağlı “Midas” əməliyyatı çərçivəsində aparılır.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.
***
11:46
Korrupsiyaya qarşı mübarizə orqanları bu gün səhər saatlarından etibarən Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın evi və ofisində axtarış aparırlar.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri mənbələrə istinadla məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl axtarışların yalnız Yermakın mənzilində aparıldığı bildirilirdi.
Andrey Yermakın özü də müvafiq qurumlarının axtarışları barədə xəbəri təsdiqləyib.
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonun məlumatına görə, Korrupsiyaya qarşı Mübarizə İdarəsi Prezident Administrasiyasının rəhbərinə qarşı ittiham aktı hazırlayır:
“Korrupsiyaya qarşı mübarizə İdarəsi Andrey Yermaka qarşı ittiham irəli sürməyə hazırlaşır”.
***
11:12
Ukraynanın Korrupsiyaya qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu və Korrupsiyaya qarşı Mübarizə İdarəsi Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın evində axtarış apardığını təsdiqləyib.
Teleqraf xəbər verir ki, korrupsiyaya qarşı mübarizə orqanları təfərrüatları daha sonra açıqlayacaqlarını bildiriblər.
***
10:30
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki (Kiyev) evində axtarış aparır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Axtarışın Korrupsiyaya qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluq və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparıldığı bildirilib.
Əməliyyatın Ukraynanın dövlət və hökumət orqanlarında aşkar edilən korrupsiya sxemi ilə əlaqədar olduğu ehtimal edilir.

