BAKI, 7 oktyabr. TELEQRAF

Oktyabrın 6-dan 7-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçan aparat Novovoronej Atom Elektrik Stansiyasının (AES) soyuducu qülləsinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə “Rosenerqoatom”un mətbuat xidməti məlumat yayıb.

“Ukrayna döyüş pilotsuz aparatı texniki vasitələrlə zərərsizləşdirilib, stansiyanın 6-cı enerji blokunun soyuducu qülləsinə çırpılaraq partlayıb. Dağıntı və xəsarət alanlar yoxdur”, – Rusiya qururumunun məlumatında bildirilib.

Bununla belə, qeyd edilib ki, soyuducu qüllədə iz qalıb.

Açıqlamaya əsasən, hadisə stansiyanın fəaliyyətinə təsir etməyib — onun təhlükəsiz işləməsi təmin olunub, radiasiya fonu dəyişməyib və təbii göstəricilərə uyğundur. Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.

Stansiya Don çayının sahilində, Voronej şəhərindən 45 km cənubda yerləşir və vilayətin ən böyük enerji təchizatçısıdır, bölgənin ümumi elektrik istehsalının 92 faizi ona məxsusdur.