BAKI, 25 sentyabr. TELEQRAF

“Avropa Komissiyasının sədri Ursula fon der Leyenin ətrafında yeni qalmaqal yaranır”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan parlamentinin deputatı Kinqa Qal deyib.

“Avropa Ombudsmanı Avropa İttifaqı ilə MERCOSUR arasındakı sövdələşmə ilə bağlı Fransa Prezidenti Emmanuel Makrona göndərilən, sonra yoxa çıxan gizli mesajlarla bağlı araşdırmaya başlayıb”, - o bildirib.

Deputatın sözlərinə görə, bu hal bir daha Avropa Komissiyasında şəffaflığın olmadığını göstərir. Qal həmçinin gizli müzakirələrə və mesajların yoxa çıxmasına icazə verməkdənsə, Aİ qurumlarında şəffaflığın təmin edilməsinə çağırıb.

MERCOSUR-a gəlincə, bu, “Cənub Ümumi Bazarı” deməkdir. Təşkilat 1991-ci ildə Asunsion Müqaviləsi ilə yaradılıb. Məqsəd üzv ölkələr arasında iqtisadi inteqrasiya, sərbəst ticarət zonası və ümumi bazar qurmaqdır. Əsasən Cənubi Amerika ölkələrini birləşdirir.