BAKI, 28 avqust. TELEQRAF
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Rusiya-Ukrayna müharibəsi fonunda həmrəyliyi və müdafiəni gücləndirmək üçün yaxın günlərdə blokun şərq cinahında yerləşən Avropa İttifaqına (Aİ) üzv dövlətlərə səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
“Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Latviya, Finlandiya, Estoniya, Polşa, Litva, Bolqarıstan və Rumıniyaya səfər edəcək”, - mətbuat xidmətindən bildirilib.
Səfərin məqsədi Aİ-nin Rusiya və ya Belarusla ortaq sərhədlərlə bağlı problemlərlə üzləşən üzv ölkələrə dəstəyini vurğulamaqdır.
Avropa Komissiyasının rəhbəri səfər çərçivəsində hökumət və hərbi rəsmilərlə Avropanın təhlükəsizliyi və müdafiəsini də müzakirə edəcək.
Səfərin avqustun 28-dən sentyabrın 1-dək davam edəcəyi qeyd olunub.