BAKI, 25 may. TELEQRAF

Böyük Britaniyanın müxalifətdə olan Mühafizəkar Partiyasının yüksək vəzifəli üzvləri keçmiş Baş nazir Boris Consonu siyasətə qaytarmağa çalışırlar.

Teleqraf xəbər verir ki, bu barədə “The Sun” qəzeti partiya rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

"Boris Consonun köhnə qvardiyasının bəzi nümayəndələri ona yazır və onun qayıdışı ilə bağlı danışıqlar aparırlar", - nəşrin həmsöhbəti bildirib. Digər partiya xadimi deyib ki, torilərin qərargahında Consonun siyasətə mümkün qayıdışı üzərində iş aparılır. Qeyd olunur ki, bu cür söhbətlər partiyanın aşağı reytinqləri fonunda aktivləşib.

Qeyd edək ki, “YouGov” sosioloji şirkətinin apardığı sorğunun nəticələrinə görə, Mühafizəkar Partiyası populyarlıq baxımından dördüncü yerə düşüb: respondentlərin yalnız 16%-i ona səs verməyə hazırdır. Seçicilərin ən çox dəstəyini Naycel Faracın rəhbərlik etdiyi sağ-populist “Reform UK” partiyası (29%) qazanıb, ikinci pillədə hakim Leyboristlər Partiyası (22%) gəlir, üçüncü yerdə isə "Liberal Demokratlar" (17%) qərarlaşıb.