VARŞAVA, 18 may. TELEQRAF

Polşada prezident seçkilərinin birinci turu keçirilir.

Teleqraf-ın Polşadakı müxbiri xəbər verir ki, 29 milyon seçici 32 min seçki məntəqəsində səs verəcək.

Yerli vaxtla saat 7:00-da başlayan səsvermə axşam saat 21:00-a qədər davam edəcək.

Məlumata görə, seçkilərdə 13 namizəd iştirak edir, amma əsas mübarizə aşağıdakı üç namizəd arasında gedir:

Rafal Trzaskovski: Baş nazir Donald Tuskun rəhbərlik etdiyi Mülki Koalisiya (KO) partiyasının namizədidir. Trzaskowski Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi və hüquq sistemində islahatların aparılmasını dəstəkləyir.

Karol Navroçki: Tarixçi və Mühafizəkar Hüquq və Ədalət (PiS) partiyasının dəstəklədiyi namizəddir. O, milli suverenliyin qorunması, mühafizəkar dəyərlərin müdafiəsi və immiqrasiya siyasətində sərt yanaşmalarla çıxış edir.

Svavomir Mentzen: Radikal sağçı Konfederacja partiyasının namizədidir. O, anti-vergi, anti-immiqrasiya və anti-AB siyasətləri ilə tanınır və xüsusilə gənc seçicilər arasında populyarlıq qazanıb.

Qeyd edək ki, heç bir namizəd birinci turda 50%-dən çox səs toplaya bilməzsə, iyunun 1-də seçkilərin ikinci turu keçiriləcək.

Seçkilərin nəticələri Polşanın Avropa İttifaqı ilə münasibətləri, hüquq sistemi və sosial siyasətləri baxımından ölkənin gələcək istiqamətini müəyyən edəcək.

Aysel Məhərrəmli