BAKI, 14 aprel. TELEQRAF

ABŞ-nin Avropadan Ukraynaya göndəriləcək xarici hərbi kontingentin iştirakçıları arasında olmasını istəyirik.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı bunun üçün Amerika bölmələrinin Ukrayna ərazisində yerləşdirilməsinin vacib olmadığını vurğulayıb. Bu, hava dəstəyi və ya hava hücumundan müdafiə sistemlərinin köməyi ilə ola bilər.

“ABŞ-ni strateji tərəfdaşımız kimi qəbul edirik. Ona belə yanaşırıq, anlaşılmazlıqlar təfərrüatdır. Ona görə də mütləq Amerikanın belə (xarici hərbi kontingentin bir hissəsi olacaq) ölkələr arasında olmasını istəyirik. Bu, mütləq yerləşdirmə şəklində olmaya bilər. Məsələn, Amerika səmanı qoruduğunu göstərə, hava hücumundan müdafiə sistemləri və təyyarələrlə dəstək verə bilər”, - Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, belə bir alyans Ukraynanın təhlükəsizliyinin təminatı olardı.

Xatırladaq ki, hazırda Böyük Britaniya və Fransanın rəhbərliyi ilə bəzi Avropa ölkələri Ukraynaya sülhməramlı kontingentin göndərilməsi məsələsini müzakirə edir. Kiyev 10-a yaxın ölkənin müharibədən sonra Ukraynaya hərbi qüvvə göndərməyə razı olduğunu açıqlayıb.