BAKI, 9 aprel. TELEQRAF
Estoniya Prezidenti Alar Karis üçüncü ölkələrin, xüsusən Rusiya və Belarus vətəndaşlarını yerli seçkilərdə səsvermə hüququndan məhrum edən qanunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, məsələ ilə əlaqədar Estoniya Konstitusiyasına müvafiq düzəlişlər qüvvəyə minib.
Qanun vətəndaşlığı olmayan şəxsləri səsvermə hüququndan məhrum edir. Dəyişikliklərə əsasən, onlar sonuncu dəfə bu il oktyabrın 19-da keçiriləcək seçkilərdə iştirak edə biləcəklər.
“Yerli seçkilərdə yalnız Estoniya və Avropa İttifaqı (Aİ) vətəndaşlarının səs verə biləcəyi qərarı qanunidir. Səsvermə hüququndan məhrum edilənlərin dövlətin onları ictimai həyatdan uzaqlaşdırmaq istədiyini və ya onları təhlükəsizliyə təhdid kimi gördüyünü düşünməmələri də eyni dərəcədə vacibdir”, - Estoniya prezidenti vurğulayıb.