BAKI, 22 mart. TELEQRAF

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun yeganə namizəd olduğu ilkin seçkilər keçirəcək.

Teleqraf xəbər verir ki, sabah partiya üzvləri arasında keçiriləcək səsvermədə CHP-nin prezidentliyə namizədi müəyyən olunacaq.

Seçkilər ölkənin bütün bölgələri (81 əyalət) üzrə keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, 17:00-da başa çatacaq.

Partiyaya üzv olmayan vətəndaşlar da səsvermədə iştirak edə, bülletenləri seçki qutularının yanında qoyulacaq “həmrəylik qutuları”na ata biləcəklər.

CHP sədri Özgür Özəl dünən axşam Saraçhanedə keçirdiyi mitinqdə məsələ ilə əlaqədar vətəndaşlara müraciət edib:

“Martın 23-də bizim seçki qutularının yanında həmrəylik qutuları olacaq. Bütün siyasi partiyalar, demokratiyanı dəstəkləyən hər kəs səsverməyə dəvət olunur”.