BAKI, 22 mart. TELEQRAF

Terror təşkilatına yardımda və korrupsiyada ittiham olunan Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu axşam saat 21:00-da (Bakı vaxtı ilə 22:00 – red.) məhkəməyə çıxarılacaq.

Teleqraf xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.

“İstanbul məhkəməsində gecə saatlarından etibarən gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Hazırda içəridə çoxlu hüquq-mühafizə orqanlarının əməkdaşları var. Təhlükəsizlik əməkdaşları kənar şəxsləri məhkəmə binasına buraxmır. Məhkəmə binasının ətrafı dəmir barrikadalarla bağlanıb, bina ətrafında toplaşmaq və yürüş etmək qadağandır.

Əkrəm İmamoğlu və onu müşayiət edən digər şəxslər nəzarətdədir. Saxlanılanların sayı 90-dır. Əkrəm İmamoğlu ilk olaraq dünən axşam saatlarında Maliyyə Cinayətləri İdarəsində ifadə verib”, - məlumatda deyilir.

Kanal qeyd edir ki, İmamoğlu və digər şübhəlilər bu gün məhkəməyə qədər tibbi müayinədən keçəcəklər:

“Bundan sonra İstanbul məhkəməsinə gətiriləcəklər. Axşam saat 21:00-da ifadə verməyə hazır olacaqlar. Bununla bağlı hazırlıq gedir, 30 prokuror təyin edilib. Bu prosesin ifadələr tamamlandıqdan sonra gecə yarısına qədər davam edəcəyi gözlənilir.

Prokurorluğun tələbi ilə barələrində məhkəmə nəzarəti, ev dustaqlığı və ya xaricə çıxış qadağası qərarları ola bilər. Həbs və sərbəst buraxılma ehtimalları da var. Bu mərhələdə istintaqla bağlı proses və Əkrəm İmamoğlunun həbs edilib-edilməyəcəyi səhərə doğru bəlli olacaq”.