BAKI, 22 mart. TELEQRAF

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin Saraçhanedə (İstanbul) çıxışı zamanı izdiham içərisində bir qrup iğtişaş yaradıb. Yandırıcı və partlayıcı maddələr atan qrupa polis müdaxilə edib.

Teleqraf xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

“İstanbul şəhər bələdiyyəsinin Saraçhane binası qarşısında gecə saatlarına qədər gözləməyə davam edən izdihamlı kütlə ilə polis arasında zaman-zaman qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qaz və təzyiqli su ilə ərazidə gözləməyə davam edən qrupu dağıtmağa çalışıb. Müdaxilədən qurtulmağa çalışan qrup İstanbul bələdiyyəsi binasına doğru irəliləyib. Qrup binanın qarşısındakı təhlükəsizlik baryerlərini aşaraq zorla içəri daxil olub, qapı və pəncərələr açılmadığı üçün sındırılıb”, - məlumatda deyilir.

Xatırladaq ki, aksiya İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə ələqədar keçirilib.

İmamoğlu terror təşkilatına yardım və korrupsiyada ittiham olunur. İstintaq davam edir.