
BAKI, 21 mart. TELEQRAF
Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində irəli sürülən ittihamlar qəbul edilsə, vəzifəsindən uzaqlaşdırıla bilər.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” portalı məlumat yayıb.
Mənbə İstanbul rəhbərini gözləyən dörd ehtimala diqqət çəkib: “Birinci, sərbəst buraxıla bilər. Sərbəst buraxılacağı təqdirdə öz vəzifəsinə qayıda və vəzifəsini davam etdirə bilər.
İkinci, sərbəst buraxılsa da, Daxili İşlər Nazirliyi “terror təşkilatına yardım” ittihamı ilə istintaqa cəlb olunduğu üçün lazım gələrsə, onu tutduğu vəzifədən uzaqlaşdıra və yerinə qəyyum təyin edə bilər.
Üçüncü, İmamoğlu ona qarşı irəli sürülən ittihamlardan biri olan “terror təşkilatına yardım” ittihamı ilə həbs oluna bilər. Bu halda Daxili İşlər Nazirliyi Esenyurt bələdiyyəsində olduğu kimi qəyyum təyin edə bilər.
Dördüncü, İmamoğlu “mütəşəkkil cinayətkar dəstənin lideri olmaq” ittihamı ilə həbs olunarsa, İstanbul Bələdiyyə Məclisi Beşiktaş bələdiyyəsində olduğu kimi, seçkilər keçirəcək və yeni bələdiyyə sədrini seçəcək”.