BAKI, 12 mart. TELEQRAF

Rusiya qoşunları Ukrayna qüvvələrini Kursk körpüsü istiqamətində sıxışdırıb çıxararaq, Suca şəhərinə yaxınlaşıblar.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı döyüş zonasındakı mənbələrə istinadla məlumat yayıb.

Qeyd edilir ki, Rusiya ordusu Kursk vilayətinin Suca şəhərində Ukrayna qoşunlarını geri sıxışdırır.

Mənbə rusların şəhər ətrafındakı kəndlərdə Rusiya bayraqlarını qaldırdıqlarını bildirib. Rusiya qoşunlarının Sucadan təxminən 1,5 km məsafədə olduğu deyilir.

“Sky News”un məlumatına görə, Sucadakı Ukrayna hərbi kontingentini təchiz edən əsas nəqliyyat arteriyası da intensiv zərbə altındadır. Söhbət Suca – Yunakiv (Sumı vilayətində kənd) magistral yolundan gedir.

Britaniyalı ekspertlərin fikrincə, ruslar bu marşrutu kəssə və ya başqa yolla bağlaya bilsələr, o zaman Ukrayna qoşunlarının maddi-texniki təminatı təhlükə altına düşə bilər.